QARŞILIQLI ANLAŞMANIN TƏ`SİRİ

08.07.2026
Ailə adəb və əxlaqı
237 baxış
QARŞILIQLI ANLAŞMANIN TƏ`SİRİ

Ailədəki mə`nəviyyat, ləzzət və şirinlik ailə üzvlərinin bir-biri ilə keçinərək qarşılıqlı anlaşması sayəsindədir. Əgər ailə üzvləri bir-birini düşünüb yola gedərlərsə ailədəki nəzm və nizamın möhkəm olacağına şübhə ola bilməz.
Sünnülərin rəhbərlərindən biri olan Əhməd ibni Hənbəl özünün tanınmış “Müsnəd” kitabında Ayişənin dilindən belə nəql edir:
“Bir gün Allahın Rəsulu mənim evimdə idi, Onun arvadı Səfiyyə bişirdiyi xörəkdən həzrət üçün yolladı. Xörək gətirən kənizi görcək bədənim əsməyə başladı və ixtiyarsız xörək qabını onun əlindən alıb yerə çırpdım. Peyğəmbərin gözlərinin mənə dikildiyini gördükdə bu rəftarımın qəzəb və nifrət cizgilərini onun simasında müşahidə etdim. Allah Rəsulunun qəzəbindən o həzrətə pənah apardım və dedim: Ümidvaram ki, mənə qarğış etməyəsiniz. Peyğəmbər buyurdu: Ayişə, tövbə et!
Bu əməlimi necə düzəldim?-deyə o həzrətdən soruşdum.
Həzrət buyurdu: Səfiyyənin bişirdiyi xörək kimi, xörək bişir və onun qabına oxşar bir qab alıb həmin xörəkdən onun üçün göndər.
Belə və buna bənzər hallarda Allah Peyğəmbəri (səlləllahu əleyhi və alih) ürək genişliyi və alicənablıq göstərərək sə`y edirdi ki, çətinliklərə məhəbbət və düşüncə ilə yanaşaraq onları razılıqla aradan qaldırsın. Həzrət Qur`an buyuruğuna arxalanaraq onlara həmişə nəsihət edirdi.
Biz də öz sevimli peyğəmbərimizin yolunu davam edərək səhvləri görən zaman özümüzü görməməzliyə vurub lazım olan surətdə tam ədəblə nəsihəti və ürəkyanğısını ifadə edən sözləri xatırladaq. İxtilaf və səhvi gördüyümüz zaman dad-fəryad edib, kötək və acı dildən uzaq olaq.
Mə`sum və pak Əhli beytin (əleyhissalam) rəftar və hədislərindən istifadə edərək ibrət dərsi alaq, bir-birimizi moizə edək, o böyük şəxsiyyətlərin başdan-başa nəsihətamiz yaşayışını ülgü götürək və onların qızıl tək sözlərini xatırlayaraq heç vaxt unutmayaq.

~AYƏTULLAH HÜSEYN MƏZAHİRI~