Qurani-Kərimdə ailə müəssisəsi

21.10.2026
Ailə adəb və əxlaqı
99 baxış
Qurani-Kərimdə ailə müəssisəsi
Ailə cəmiyyətin ilk toxumu, təməli və dirəyidir. Bu dirəyin möhkəmliyi millət və dövlətin də möhkəmliyi deməkdir. Ailə sağlam olarsa cəmiyyət də sağlam olar. Ailə kəliməsi insan zehnində bir sıra dini, ictimai və hüquqi anlayışları canlandıran sosiyal məzmunlu bir kəlimədir.
Ailə ictimai baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Qərb dünyasında ailə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında isə ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.
Biologiyada ailə sözü bir birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir.
Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir.
İctimai həyatda ən kiçik qrup ailədir. Cəmiyyət ailələrdən meydana gəlir və onun rifah səviyyəsi ailənin rifah səviyyəsi ilə düz mütənasibdir. Ailə fərdləri arasında münasibətlər qarşılıqlı sevgi, hörmət, şəfqət və həmrəylik kimi ülvi dəyərlər əsas alınaraq qurularsa, o ailə xoşbəx olur. Ailə, insanları yaradan Uca Yaradanın qoyduğu qanunlara görə qurularsa cəmiyyətin bir nömrəli səadət qaynağı olur.
Nikah
İnsan həyatı boyunca yalnız yaşaya biləcək bir varlıq deyildir. Ehtiyaclarını qarşılaya biləcək bir həyat yoldaşına möhtacdır. Uyğun bir həyat yoldaşı həm qadın, həm də kişi üçün səadət və güvən qaynağıdır. İslama görə ailənin təməli, nikah dediyimiz müqəddəs bir “sap”la bir-birinə bağlanan ayrı-ayrı cinstən iki insanın bir araya gəlməsi ilə atılır. Nikah əqdi (sözləşmə), cəmiyyətin çəkirdəyi sayılan bu kiçik müəssisənin məşru (dinə uyğun) sayılmasının ilk şərtidir. Məşru olmayan səbəblərlə bir araya gələn insanların meydana gətirdikləri birlik ailə sayılmaz. Çünki bu birliyin təməlində nikah deyil, sifah (iffətsizlik) vardır. İslam dini, iffətsizlik sayılan zinanı (məşru olmayan münasibət) haram saymış və şiddətlə qadağan etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi ailə təşkilatı nikahla başlamaqdadır. Nikah kəliməsi lüğətdə “əlavə etmək, toplamaq” və ya “sözləşmək” kimi mənalara gəlməkdədir. Allah (c.c.) Nisa surəsində: “Sizə halal olan qadınlarla nikahlanın” deyə əmr edir. İnsanlıq aləminin baştacı Məhmməd Rəsulallah (s.ə.s.) hədis-i şərifində buyurur ki, “Nikah bağlamaq mənim sünnətimdir. Sünnətimdən üz çevirən bizdən deyildir” (Menahic-ül-İbad), “Nikahlanın, çoxalın! Qiyamət günü digər ümmətlərə qarşı sizinlə fəxr edəcəyəm”(Hədis-i şərif-İhya). Adəm Nəbiyullahdan ə.s. bəri bütün ümmətlərdə nikah davam edib günümüzə qədər gəlmişdir.
Evlilik.
İnsan nəslinin davamı, nəsəbin (soy-kökün) mühafizəsi, cəmiyyəti meydana gətirən və onun bünövrəsi olan ailə müəssisəsinin qurulması yalnız evlənməklə mümkündür. Evlənməklə bir-birilərinə haram olan qadın və kişi bir-birilərinə halal olurlar. Nisa surəsinin 23 ayəsində kişiyə evlənməsi haram olan qadınlar bu şəkildə tərif edilir: “Sizlərə analarınız, qızlarınız, bacılarınız, xalalarınız, bibiləriniz, bacılarınızın qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (Ögey qızlarınız) ilə evlənmək haram edildi. Münasibətdə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”.
Evlilikdə əsas qayə və hədəflər.
Qurani-Kərimdə evlilik, əbədi bir əqd, məsuliyyət tələb edən bir müqavilə kimi tərif edilir (Rum 30/21; Nisa, 4/20-21) və ailə münasibətləri zamanı meydana çıxacaq anlaşılmazlıqlarda tərəflərə onların vəzifələrini xatırladılır. Evlilikdə qayə nəslin davamı, çoxalması (Bəqərə, 2/223; Nəhl, 16/72) və şəhvət hissinin idarə edilməsidir. Quranda tərəflərin bir-birinə yaxınlıqları açıqlanarkən onların bir-birilərinə məcazi mənada paltar (örtü) olduqlrına yer verilmişdir (Bəqərə, 2/187).
Evlilik həyatında fərd və cəmiyyət üçün saysız fayda və xeyir vardır. Bunlar dünya həyatının səadəti ilə əbədi həyatı qazanmağa səbəb olan ilahi nemətlərdir. Evlənmək insanı haramdan uzaqlaşdırır. Nəsli artırır və qoruyur. Vətənə, millətə və dövlətə güc qazandırır. Peyğəmbərimiz (s.ə.v.) onu tövsiyyə etmiş, evlənərək bizlərə örnək olmuşdur. Bu mənada: “Ey gənclər! Kimin gücü çatırsa evlənsin. Çün ki, evlilik gözü haramdan qoruyur və iffəti ən gözəl şəkildə mühafizə edir” hədisi-şərifi vardır.
İslam yuva quracağımız zaman evlənəcəyimiz qadını seçərkən bəzi cəhətlərə diqqət etməyimizi istəyir. Beləki, “Yuvanı quran dişi quşdur” zərb-məsəlini əsas alaraq yuvanı quracaq, uşaqları tərbiyyə edib yetişdirəcək həyat yoldaşını seçərkən gözəlliyindən, soyundan, malından daha çox dindarlığına və yaxşı əxlaq sahibi olmasına diqqət edilməlidir. Necə ki, Hz. Peyğəmbər (s.ə.v.) bu istiqamətdə belə buyurmuşdur: “Qadın dörd şey üçün nikah edilir: malı, soyu, gözəlliyi və dini. Siz dindar olana üstünlük verin ki, əlləriniz xeyir görsün”.
Ailə Allahın c.c. insanlara lütf etdiyi ən böyük əmanət və nemətlərdən biridir. Bütün dinlərdə ailə müəssisəsinin inşasında aşağıda qeyd etdiyimiz 5 əsas hədəf vardır:
1. Canı qorumaq,
2. Əqli (ağılı) qorumaq,
3. Namusu qorumaq,
4. Nəsli qorumaq,
5. Malı-mülkü qorumaq.
Evlənmək bir insanlıq vəzifəsidir. O, bütün peyğəmbərlərin sünnəti ilə əməl etmək deməkdir. Ədəb və ərkan üzrə qurulan bir yuva insanın şəxsinə, ailəsinə və bütün insanlığa bir xidmətdir. Hədisi-şərifdə bildirildiyi kimi Uca Allah cəmiyyətdə hər kəsi insanlıq və ailə yuvasının bir işindən məsul etmişdir : “Hakimlər idarə etdikləri xalqdan məsuldur. Ər, ailəsinin himayə və tərbiyyəsindən məsuldur. Arvad, ərinin şərəf və nəsəbini qorumaqdan məsuldur. Qısaca hər kəs boynuna götürdüyü insanlıq və ailə yuvasının xidmətindən məsuldur”.
Qurani-Kərimə görə kişi evin idarəçisi və hakimidir. Nisa surəsinin 34-cü ayəsində kişi və qadının vəzifələri bu şəkildə açıqlanır: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar”.
Quranda ana-atanın uşaqlara qarşı vəzifələri də bildirilmişdir. Onları sevmək və dəyər vermək, onlara bir əmanət gözüylə baxmaq, yetişmələri və tərbiyələri ilə maraqlanmaq, dünya və axirət təhlükələrindən qorumaq lazımdır.
Ana-ata yaxşılığa layiq şəxslərdir. Quran, Allaha ibadətdən sonra ana-ataya yaxşılığı əmr etmişdir. Buna misal olaraq aşağıdakı ayətlərə nəzər salaq: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”-de”. (İsra, 17/23-24); “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideynlərinə yaxşı baxmağa, onlarla gözəl gözəl davranmağı) tövsiyyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman, 31/14); “(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir” (Bəqərə, 2/215) və s.
Quran, həsəddən, paxıllıqdan, anlaşılmazlıqdan uzaq, yardımlaşma və həmrəyliyi əsas alan bir qardaşlıq əxlaqını hədəf almaqdadır. Ayrıca qohumluq vəzifələrini yerinə yetirənləri öymüş, əqrəbalarla əlaqəni kəsməyi münafiqliq (ikiüzlülük) və fasiqlik (açıq bir şəkildə günah işləməkdən çəkinməyən) olaraq görmüşdür. Qohum və əqrəba münasibətləri ilə bağlı ayətlərdə deyilir: “O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır !” (Bəqərə, 2/27); “Əgər (Muhəmməd əleyhissalamdan üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!” (Muhəmməd, 47/22).
Ədəb üzrə qurulan yuvada iki cür həyat vardır: dünyəvi və mənəvi həyat. Mənəvi həyat qəlbin Allaha (c.c.) yönəlməsidir. Bunun meyvəsi axirətdə cənnət nemətləridir. Çün ki, insan evlənərək yuvasında dinclik və səadət tapır. Bu səadətin heç bir zaman bitməməsini arzu edər. Bu isə dünya həyatında mümkün deyil. Əbədi səadət yeri axirətdə cənnətdir. Özünü və ailəsini düşünən şəxs dünya səadətinə kifayətlənməyib cənnətə yönəlir. Cənnətə girməyin yolu iman, ibadət və gözəl əxlaqdır. Belə bir vəziyyətdə insan, onu cənnətə götürəcək imana gələr, ibadətlərə yönəlir və gözəl əxlaqa sarılır.